“Erkən nikahın törətdiyi fəsadlar”
14 yanvar 2011-ci il tarixdə İmişli İcma Məlumat Mərkəzində “Erkən nikahın törətdiyi fəsadlar” mövzusunda növbəti “Meydan” tədbiri keçirildi.
Tədbirdə Füzuli rayon 35 və 36 saylı orta məktəblərdən 3 nəfər müəllim 2 nəfər şagird, Füzuli rayon YAP qadınlar şurasının sədri Əsli xanım Sadıqova, Amerikada təhsil almış müstəqil psixoloq Aidə Qasımova, İmişli şəhər Uşaq poliklinikasının həkimi Əliyeva Rəna, İmişli şəhər Mərkəzi xəstəxananın həkimi Hüseynova Amaliya, Yuxarı Qaralar kəndi üzrə böyük kitabxanaçı Şirinova Natəvan, İmişli İcma Məlumat Mərkəzinin administratoru Əbülfəz Zeynallı, mərkəz istifadəçiləri və müxtəlif məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 32 nəfər iştirak edirdi. 
Tədbiri giriş sözü ilə İmişli İcma Məlumat Mərkəzinin administratoru Əbülfət Zeynallı açdı. O, tədbirin məqsədi barədə qısa açıqlama verdikdən sonra erkən nikahdan yaranan fəsadlar barədə bəzi statistik rəqəmləri iştirakçıların nəzərinə çatdırdı. Həmçinin o, 15-17 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları, 2005 –ci ildən bəri 18 yaşa qədər qızlar arasında nigaha girənlərin sayı barədə statistik məlumatlar barədə danışaraq sözü həkim Amaliya xanım Hüseynovaya verdi. Amaliya xanım mövzu barədə geniş məlumat verərək qeyd etdi ki, bu gün Azərbaycanın hər bölgəsində 14-16 yaşda qızların ərə verilməsi adət halını alıb. Erkən nikah ümumilikdə bütün gənclərə aid olsa da bundan ən çox qızlar əziyyət çəkir. O, Uşaq Hüquqları Konvensiyası, UNİCEF-in erkən nikahın insan hüquqlarının pozulması kimi qiymətləndirməsini, ölkəmizdə qızlar arasında erkən nigah faktlarının 70 % artması və s. məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırdı. Həmçinin o erkən nikah zamanı yaranan hamiləlik, uşaq dünyaya gətirmə hallarının ana həyatı üçün təhlükəli olmasını da vurğuladı. Eyni zamanda həkim qızların fizioloji inkişaf mərhələləri barədə də geniş danışdı. Qızların psixoloji cəhətdən formalaşması barədə isə müstəqil psixoloq Aidə xanım Qasımova geniş məlumat verdi.
Növbəti çıxışda Füzuli rayon 35 saylı orta məktəbin müəlliməsi, Füzuli rayon YAP qadınlar şurasının sədri Əsli xanım Sadıqova yeniyetmə qızların erkən nigaha daxil olması nəticəsində təhsildən yayınma hallarını artdığını və ümumilikdə isə 2009-2010 –cı tədris ilində ümumrespublika üzrə qız uşaqları arasında təhsildən yayınma halları barədə məlumat verdi.Tədbirin sonunda İmişli İcma Məlumat Mərkəzinin administratoru Əbülfət Zeynallı tədbirdə iştirak edən oğlan və qızların erkən nigah barədə rəy sorğusu keçirtdi və iştirakçıları maraqlandıran suallara cavab verdi. Öz növbəsində iştirakçılar da mövzunun bu günümüz üçün çox aktual olduğunu bildirərək İmişli İcma Məlumat Mərkəzinə, İREX/Azərbaycan təşkilatına öz minnətdarlıqlarını bildirdilər və gələn dəfədəki “Meydan” mövzunun bu mövzunun ardı kimi “Qan qohumları arasındakı nikahdan yaranan fəsadlar” olmasını arzu etdiklərini bildirdilər
Dogrudanda maragli tedbir idi..Ozum chox sheyi aydinlashdirdim..Gorushmek uzre...
YanıtlaSil