İmişlinin tarixi

İmişli rayonu 1930-cu ilin аvqust аyındа mərkəzi Qаrаdоnlu kəndi olmaqla təşkil olunmuş və ilk olaraq Qаrаdоnlu rayonu adlandırılmışdır. Bölgədə ilk məktəb 1906-cı ildə Qaradonlu kəndində ibtidai məktəb kimi fəaliyyətə başlamışdır.
Qаrаdоnlu rayonunun adı 08 avqust 1938-ci ildə dəyişdirilərək İmişli rаyоnu аdlаndırılmış, mərkəz isə indiki İmişli şəhərinin yerində olan İmişli kəndinə köçürülmüşdür.
İmişli sözün tarixi haqqında dəqiq məlumat olmasa da, onun adının qədimdə həmin ərazidə yaşamış “İmaşlı” tayfasının adından götürülərək sonradan İmişli kimi formalaşması versiyası məlum olmuşdur. Rayon mərkəzi olduqdan sonra İmişli böyümüş və 1983-cü ildə rayon tabeli şəhər statusu almışdır.
Rayon Kür-Аrаz оvаlığı, Mil düzünün şimalı və Muğаn düzündə yerləşməklə qərbdə İran dövləti ilə həmsərhəddir. Sahəsi 1890 kv.km olmaqla inzibаti mərkəzi İmişli şəhəridir. Relyefi düzənlikdən ibarət olmaqla ərazinin səthi şimalı-şərqə və şərqə doğru meyillidir. Ərazinin çox hissəsi okean səviyyəsindən aşağıdır. Ərazidə neft-qaz və qum-çınqıl kimi təbii faydalı qazıntılar vardır.
Yayı quraq keçən, mülayim isti yarımsəhra və quru çöl iqlimi vardır. İllik yağıntı 300 mm, orta temperatur yanvarda 1,60, iyulda 35,10 təşkil edir. Əsasən çəmən qismən boz və çəmən boz torpaqları yayılmışdır. Əsas bitki örtüyü yarımsəhra tiplidir (yovşan, qışotu, yulğun, saksaul və s.) Xarakterik heyvanat aləmi - canavar, çöldonuzu, çaqqal, tülkü, porsuq, boz dovşan, kirpi, oxatan kirpi, müxtəlif qum siçanları və s. eləcə də quşlardan - turac, bildirçin, qu, qızılqaz, sultantoyuğu, bəzgək, qaz, ördək, qaşqaldaq, qarabatdaq, sığırçın və digər quşlar ərazidə məskunlaşmışlar. Rayonun ərazisindəki göllərdə müxtəlif növlü qiymətli balıqlar - qızılbalıq, ağ balığın bəzi növləri, xəşəm, ziyad, şaymayı, karp və digər növ balıqlar vardır.
Rayon əhalisi 113500 nəfərdir ki, onun da 99,84 faiz azərbaycanlılardan, 0,11 faiz ruslardan, 0,02 faiz ləzgilərdən, 0,02 faiz ukrayınlılardan ibarətdir. Əhalinin orta sıxlığı hər 1 kv.km görə 60,1 nəfərdir. Rаyоn 1 şəhər, 1 qəsəbə və 48 kənd olmaqla 50 yaşayış məntəqəsindən ibarətdir. Rayonda 57 orta, 4 əsas, 2 ibtidai məktəb olmaqla cəmi 63 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar, 15 məktəbəqədər və 102 mədəniyyət müəssisəsi fəaliyyət göstərir.
Rayonun ərazisində bir sıra qədim tarixi abidələr movcuddur. Bunlardan Bəcirəvan və Qaravəlli kəndlərinə yaxın Sarısu gölünün cənubunda yerləşən küp qəbirləri dövrünə aid olan “Qaratəpə”ni, “Böyük şəhərgah” və “Kiçik şəhərgah”ı göstərmək olar. Bundan başqa bəzi təpə və yer adları günümüzədək gəlib çatmışdır. Onlardan ilk tunc dövrünə aid edilən Muxurtəpə, Qızıltəpə, Abıştəpə və ilk orta əsrlərə aid edilən Qızılkənd, Qaradonlu, Aranlı kimi təpə və yerlər vardır.
Rayonda olan müəssisələr ətraf rayonlarla və paytaxtla müntəzəm iqtisadi əlaqədə fəaliyyət göstərir. Bundan başqa rayonda istehsal olunan bəzi məhsullar, xüsusilə şəkərtozu ölkədən xaricə ixrac olunur. Rayonda 22 sənaye və 128 kənd təsərrüfatı müəssisəsi fəaliyyət göstərir.
Rayonun ümumi torpaq fondu cəmi 189026 ha, o cümlədən dövlət mülkiyyətində 115843 ha, bələdiyyə mülkiyyətində 33503 ha, xüsusi mülkiyyətdə isə 39680 ha torpaq sahələri vardır. Kənd təsərrüfatına yararlı torpaq sahəsi 121998 ha təşkil edir. Rayonda pambıq, taxıl, kartof, bostan və tərəvəz, yonca, qarğıdalı, meyvə və giləmeyvə, şəkər çuğunduru, ət, süd, yun, yumurta, toyuq əti kimi məhsullar istehsal edilir.
Rayonda sənaye və kənd təsərrüfatı müəssisələrindən Azərbaycan Şəkər İstehsalat Birliyinin İmişli Şəkər zavodu, Muradxanlı İsiləşdirilmiş Neft Mədəni, “Araz” konservləşdirilmiş şirələr və konyak zavodu, Azərbaycan Şəkər İstehsalat Birliyinin Spirt, Bitki yağları, Qarışıq yem zavodu, Bəhrəmtəpə dəmir beton zavodu, İmişli Brоyler quşçuluq ASC, «Leqno İmişli» MMC, «Оriоn-E» MMC, Bəhrəmtəpə «Çınqıl» ATSC, Bəhrəmtəpə «Qum» MMC, “Kür” konserv zavodu, “Xeyriyyə” ASC-ni göstərmək olar ki, onlara uyğun olaraq xam neft, şəkər tozu, müxtəlif şirələr, konyak və digər məhsullar istehsal olunur.
Rayonda 25 təmir və tikinti işləri ilə məşğul olan təşkilatlar vardır. Bu təşkilatlardan Muğan Su tikinti törəmə müəssisəsini, İmişli təmir tikinti idarəsini, müasir İmişli MKT MMC-ni göstərmək olar. Rayon ərazisində çox saylı xidmət təşkilatları fəaliyyət göstərir.
Rayon ərazisində nəqliyyat müəssisələrindən İmişli və Vətəqə dəmir yolu stansiyaları, İmişli Lokomotiv deposu, İmişli avtonəqliyyat müəssisəsi fəaliyyət göstərir.
Rabitə sahəsində İmişli Telekommunikasiya Qovşağı, İmişli Poçtamtı, İmişli 7 saylı Rabitə və İşarəvermə Distansiyası kimi müəssisələr fəaliyyət göstərir.
Rayon üzrə 10 xəstəxana, 1 poliklinika, 32 feldşer-mama məntəqəsi, 98 həkim-ambulatoriyası əhaliyə tibbi xidmət göstərir. Rayonda H.Əliyev adına 8500 yerlik şəhər stadionu istifadəyə verilmiş, Olimpiya İdman Kompleksi isə hazırda inşa edilməkdədir. İmişli rayonu haqqında Xanhsüeyn Bəylərovun “Mənim İmişlim” (Bakı 1994, 68 səh), Mieələkbər Gövhərlinin “İmişli və İmişlilər” (Bakı 2004, 185 səh), Nazim Tapdıqoğlunun “İmişli rayonu və onun toponimiyası” (Bakı 2004, 250 səh) kitabları nəşr olunmuşdur.

Hiç yorum yok:

Yorum Gönder